İran Gömrük İdarəsinin yaydığı yeni göstərişə əsasən, İran-Ermənistan sərhədində yerləşən Norduz sərhəd keçidi ixtisaslaşmış idxal gömrüyü kimi müəyyən edilib. Bu qərarın İranla Ermənistan arasındakı ticarət dövriyyəsində Norduzun rolunu artıracağı bildirilir.
ArazNews-un Tasnim agentliyinə istinadən verdiyi məlumata görə, bundan sonra müxtəlif malların idxalı Norduz sərhədindən ixtisaslaşmış qaydada həyata keçiriləcək. Qərara əsasən, yalnız mobil telefon idxalı bu qaydadan istisna edilib.
Norduz İranın Ermənistanla yeganə quru sərhəd keçididir və son illərdə iki ölkə arasında ticarət və tranzit daşımalarının əsas marşrutlarından birinə çevrilib. Güney Qafqazda tranzit dəhlizləri, xüsusilə də Zəngəzur dəhlizi ətrafında müzakirələrin davam etdiyi bir vaxtda bu keçidin əhəmiyyəti daha da artır.
Bu qərar, Azərbaycan Respublikasının Zəngəzur dəhlizinin açılması və Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması ilə bağlı çağırışlarını davam etdirdiyi bir dövrdə qəbul edilib. Bir çox ekspertlər hesab edir ki, Tehranın Norduz marşrutunu gücləndirməsi İran rejiminin mövcud tranzit xətlərindəki mövqeyini qorumaq və bölgədə yeni nəqliyyat dəhlizlərinin tam formalaşmasının qarşısını almaq siyasətinin tərkib hissəsidir. Bakı isə bu yanaşmanın Güney Qafqazda iqtisadi əməkdaşlıq və regional bağlantıların inkişafı istiqamətindəki proseslərlə uzlaşmadığını bildirir.