Türkiyədən İrana humanitar yardım karvanı yenidən yola salınıb
Türkiyədən İrana tibbi və humanitar yardımların daşındığı altı tırdan ibarət karvan yola salınıb.
Bu yardım karvanı Van vilayətindən yola çıxaraq İrana göndərilib. Məlumata əsasən, göndərilən yüklər dərmanlar, serumlar, tibbi sərf materialları, tibbi cihazlar, xərək və oksigen balonlarından ibarətdir və Van başda olmaqla Türkiyənin müxtəlif bölgələrində toplanıb.
Yardımlar Van vilayətinin Səhiyyə İdarəsində toplanaraq əməkdaşlar tərəfindən yüklənib və karvanın Ağrı vilayətində yerləşən Gürbulaq sərhəd-keçid məntəqəsi vasitəsilə İrana daxil olacağı bildirilib.
Van Səhiyyə İdarəsinin rəhbəri Məhəmməd Tuson bu yardımların göndərilməsi üçün bütün zəruri koordinasiyanın həyata keçirildiyini və humanitar dəstəyin davam etdiriləcəyini açıqlayıb.
O əlavə edib ki, bu yardımların diplomatik səylərlə yanaşı bölgədə gərginliyin azalmasına və sabitliyin təmin olunmasına töhfə verməsi gözlənilir.