Sepah-a yaxın media bildirir ki, ABŞ ilə mümkün razılaşmanın bir neçə əsas maddəsi üzrə fikir ayrılığı hələ də qalır və Tehran eyni zamanda danışıqların uğursuzluğu və gərginliyin artması ssenarisinə hazırlaşır.
Araz News-in Tasnim-ə istinadən verdiyi məlumata görə, məlumatlı mənbə İran və ABŞ arasında mümkün ilkin anlaşmanın “bir-iki maddəsi” üzrə fikir ayrılığının davam etdiyini və “ABŞ-ın maneəçiliyi” səbəbindən razılaşmanın hələ yekunlaşmadığını bildirib.
Bu mənbə iddia edib ki, Tehran öz mövqeyini pakistanlı vasitəçi üzərindən çatdırıb və fikir ayrılıqları davam edərsə, ilkin anlaşmanın yekunlaşması mümkün olmayacaq.
Tasnim həmçinin hərbi mənbələrə istinadən yazıb ki, İran silahlı qüvvələri danışıqların gedişindən asılı olmayaraq hazır vəziyyətdədir və qarşıdurma yenidən başlayarsa, ABŞ “İranın mübarizəsinin üçüncü versiyası” ilə üzləşəcək.
Bu Sepah-a yaxın media həmçinin İranın nüvə ehtiyatlarını ölkədən çıxarmağa və ya nüvə fəaliyyətini uzunmüddətli dayandırmağa razılaşdığına dair yayılan xəbərləri təkzib edib və iddia edib ki, İran indiki mərhələdə heç bir nüvə öhdəliyi qəbul etməyib.