İranın Ali Rəhbəri Əli Xamneyi bu gün etdiyi çıxışında ABŞ-ın və Donald Trampın İrana hücumla bağlı təhdidlərini "boş sözlər" adlandırıb. O xəbərdarlıq edib ki, hər hansı bir müharibə başlayarsa, onun miqyası məhdud qalmayacaq və genişmiqyaslı regional müharibəyə çevriləcək.
Araz News-un məlumatına görə, Xamneyi Vaşinqtonun mütəmadi təhdidlərinə toxunaraq deyib: "Bəzən müharibə, təyyarə və donanmadan danışmaqları təzə söz deyil. Keçmişdə də amerikalılar dəfələrlə deyirdilər ki, müharibə variantı da daxil olmaqla bütün variantlar masadadır." O vurğulayıb ki, İran milləti bu cür təhdidlərdən qorxmayacaq.
İranın Ali Rəhbəri birbaşa ABŞ Prezidenti Donald Trampa müraciət edərək əlavə edib: "İndi bu bəy də mütəmadi olaraq iddia edir ki, donanma gətirmişik və s. İran millətini bu şeylərlə qorxutmaq olmaz; İran xalqı bu təhdidlərin təsiri altına düşmür."
Bu bəyanatlar Xamneyinin son iki gündə iki dəfə ictimaiyyət qarşısına çıxmasından sonra səsləndirilib: o, dünən Ruhullah Xomeyninin məqbərəsində, bu gün isə "Xomeyni hüseyniyyəsi"ndə görünüb. Bəzi siyasi müşahidəçilər ardıcıl şəkildə baş tutan bu çıxışları mənalı qiymətləndirirlər. Onların fikrincə, bu, İran liderinin hədəf alınmayacağına dair ABŞ-dan müəyyən təhlükəsizlik təminatları almasının göstəricisi ola bilər.
Bundan əvvəl Xamneyinin təhlükəsizlik narahatlıqları səbəbindən ictimai çıxışlarını məhdudlaşdırdığı və yeraltı sığınacaqlarda qaldığı barədə xəbərlər yayılmışdı. Həmin xəbərlərdə iddia olunurdu ki, onun bu sığınacaqlardan çıxması yalnız konkret təhlükəsizlik təminatlarının alınmasından asılıdır.