Şərqi Azərbaycan valisi Təbriz etirazlarında ölənlərin sayını açıqladı

12 saat əvvəl 1 dəq oxu
Şərqi Azərbaycan valisi Təbriz etirazlarında ölənlərin sayını açıqladı


Şərqi Azərbaycan valisi Təbrizdəki son etirazlarda ölənlərin sayının bir nəfər olduğunu bildirib və hadisənin dəqiq səbəbi ilə bağlı araşdırmaların davam etdiyini qeyd edib.

Şərqi Azərbaycan valisi Bəhram Sərməst fars və türk dillərinin qarışığından ibarət (fars-azəri və ya xalq arasında deyildiyi kimi "fazəri" dilində) keçirdiyi mətbuat konfransında deyib: "Bu hadisələrdə bir Təbriz vətəndaşı həyatını itirib və mövzu əlaqədar qurumlar tərəfindən dəqiq araşdırılır."

O, məsələnin izlənildiyini vurğulayaraq əlavə edib ki, ölüm səbəbinin aydınlaşdırılması üçün lazımi tədbirlər məsul qurumların iş planına daxil edilib.

Konfransın davamında Şərqi Azərbaycan Valiliyinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavini Mehrab Davəri vilayətdəki "dəymiş ziyanın miqdarını" digər bəzi vilayətlərlə müqayisədə "çox məhdud" adlandırıb və vilayətdə təhlükəsizlik vəziyyətinin "nəzarət altında" olduğunu bildirib.

Davəri həmçinin həbs olunanların sayı ilə bağlı suala cavabında məlumatsız olduğunu deyib. O qeyd edib ki, bu sahədə fəaliyyət göstərən təhlükəsizlik qurumlarının çoxluğu səbəbindən dəqiq rəqəm açıqlamaq mümkün deyil.