ABŞ İranı dünya neft bazarından çıxarır; Tramp: Hindistan İran yerinə Venesuela nefti alacaq

4 saat əvvəl 1 dəq oxu
ABŞ İranı dünya neft bazarından çıxarır; Tramp: Hindistan İran yerinə Venesuela nefti alacaq


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Dehli administrasiyası artıq İran nefti əvəzinə Venesuela nefti alacaq. Bu açıqlama Vaşinqtonun enerji bazarını yenidən formalaşdırmaq və İslam Respublikasının neft ixracını məhdudlaşdırmaq istiqamətindəki təzyiqlərinin tərkib hissəsi kimi qiymətləndirilir.

Araz News-un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsində jurnalistlərə açıqlamasında ABŞ və Hindistanın Venesuela neftinin alınması ilə bağlı razılığa gəldiyini və bu ölkənin neft ehtiyacını İrandan təmin etməyəcəyini bildirib. Tramp qeyd edib: "Biz faktiki olaraq bu razılaşma üzrə yekun nəticəyə gəlmişik."

Bu bəyanat elə bir vaxtda verilir ki, Hindistan ABŞ sanksiyalarına görə illərdir İrandan əhəmiyyətli dərəcədə neft idxal etmir və Ukrayna müharibəsi başladıqdan sonra Rusiya neftinin əsas alıcılarından birinə çevrilmişdi. Vaşinqton son aylarda gömrük rüsumlarını artırmaq hədəsi ilə Dehlini Rusiya neftindən imtina etməyə məcbur etməyə çalışır.

"Reuters" daha əvvəl xəbər vermişdi ki, ABŞ hökuməti Hindistana Rusiya neftini əvəzləmək üçün Venesuela neftinin idxalına icazə verə biləcəyi barədə məlumat verib. Eyni zamanda, ABŞ Venesuela neftinin ixrac yolunu açmaq üçün bu ölkəyə qarşı bəzi sanksiyaları yumşaldıb.

Tramp həmçinin əlavə edib ki, Çin də Venesuela neftini almaq üçün ABŞ ilə razılığa gələ bilər. Bu mövqe Vaşinqtonun enerji ixrac marşrutlarına nəzarət etmək və eyni zamanda İran İslam Respublikasını dünya neft bazarından tamamilə kənarlaşdırmaq siyasətinin davamı kimi qəbul edilir.