Sepahın Avropa Birliyi tərəfindən terror siyahısına salınmasına qarşı hədə-qorxu dolu reaksiyası

3 saat əvvəl 1 dəq oxu
Sepahın Avropa Birliyi tərəfindən terror siyahısına salınmasına qarşı hədə-qorxu dolu reaksiyası


İranın Ali Rəhbərinin "Sepah"dakı (İslam İnqilabı Keşikçiləri Korpusu) nümayəndəsi bu qurumun Avropa Birliyinin terror təşkilatları siyahısına salınmasına reaksiya verərək, Avropa üçün "ağır nəticələr" barədə hədə-qorxu dolu bəyanatla çıxış edib.

Araz News-un rəsmi İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Ali Rəhbərin Sepahdakı nümayəndəsi Abdulla Haci-Sadıqi Avropa Birliyinin son qərarını tənqid edərək iddia edib ki, Sepahın sanksiya siyahısına salınması "onun missiyalarına heç bir xələl gətirməyəcək", əksinə, "Avropa Birliyi üçün ağır fəsadlar və nəticələr" doğuracaq. O, Avropa Birliyini "ABŞ-ın ardıcılı" adlandırıb və bu addımın "İran xalqından qisas almaq" olduğunu iddia edib.

Bu açıqlamalar Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas tərəfindən Sepahın rəsmən terror siyahısına salınması barədə verilən qərardan sonra səsləndirilib. Bu qərar İslam Respublikasına qarşı artan siyasi və hüquqi təzyiqlərin davamıdır.

Avropa Birliyi bəyan edib ki, bu addım Sepahın daxili etirazların qanlı şəkildə yatırılmasındakı rolu, insan hüquqlarının genişmiqyaslı pozulması və regional sabitliyi pozan fəaliyyətlərinə cavab olaraq atılıb. Sepahın bu siyahıya daxil edilməsi aktivlərin dondurulması, sanksiyaların sərtləşdirilməsi və bu hərbi-təhlükəsizlik qurumuna bağlı şəbəkələrə qarşı geniş məhdudiyyətlərin tətbiqi ilə nəticələnə bilər.

Sepah rəsmilərinin, o cümlədən Haci-Sadıqinin sərt reaksiyaları, bu qərarın təsirsiz olmasından ziyadə, rejimin daxili repressiya və regional nüfuzunun əsas sütunlarından birinin terror siyahısına salınmasının doğuracağı siyasi, iqtisadi və beynəlxalq nəticələrdən duyduğu narahatlığın göstəricisi kimi qiymətləndirilir.