Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) xarici ölkənin kəşfiyyat xidməti üçün işləyən kibercasusluq şəbəkəsini zərərsizləşdirib. Şəbəkənin hədəfi müdafiə sənayesi və həssas dövlət qurumlarının simsiz internet şəbəkələri olub. Şəbəkənin iki üzvü saxlanılıb, onlar barəsində həbs qətimkan tədbiri seçilərək həbsxanaya göndəriliblər.
MİT-in məlumatına görə, bu iki nəfər xüsusi cihazlarla Ankara və İstanbulda əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək Wi-Fi şəbəkələrinin xəritəsini hazırlayıblar. İstanbul polisi MİT ilə koordinasiyalı şəkildə onları saxlayıb.
Saxlanılan şəxslər Ankarada dövlət qurumlarının, müdafiə sənayesi şirkətlərinin, partiyaların mərkəzi ofislərinin, hərbi hissələrin və xarici nümayəndəliklərin ətrafında gəzdiklərini etiraf ediblər. Onların sözlərinə görə, göstərişlər sosial şəbəkələrdəki iş elanları vasitəsilə verilib, əməkhaqları isə kriptovalyuta ilə ödənilib.