HƏMAS-ın idarə etdiyi Qəzza hökumətinin yüksək vəzifəli rəsmilərindən biri Xalid Əbu Nada həyat yoldaşı ilə birlikdə İsrailin Deyr əl-Bələh şəhərində yaşayış binasındakı mənzilə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. O, son üç gün ərzində İsrailin hücumlarının hədəfinə çevrilən HƏMAS-ın üçüncü yüksək vəzifəli rəsmisidir.
The Times of Israel nəşrinin məlumatına görə, hücum noyabrın 26-da, cümə axşamı səhər tezdən Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələhin qərbində həyata keçirilib. Xalid Əbu Nada HƏMAS-ın idarə etdiyi hökumətdə təhsil nazirinin müavini olub. İsrail rəsmilərinin sözlərinə görə, o, qruplaşmanın iqtisadi işlərinə də cavabdeh olub.
İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Əbu Nadanın öldürüldüyünü təsdiqləyiblər.
Bu hücumdan əvvəl, çərşənbə günü HƏMAS-ın Qəzzanın şimalında daxili təhlükəsizlikdən məsul rəsmisi Məhəmməd Əbu əl-Avf həyat yoldaşı və iki qızı ilə birlikdə, çərşənbə axşamı isə HƏMAS-ın daxili təhlükəsizlik aparatının rəhbəri Nəim Əbu Nəhl öldürülüb.