ABŞ Maliyyə Nazirliyi dörd İran vətəndaşını yeni sanksiyalar siyahısına daxil edib. Onların arasında Futbol Federasiyası prezidentinin qardaşı və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyatının keçmiş rəsmisi də var. Bu şəxslər sanksiyalardan yayınmaq üçün gizli neft satışı və bu satışdan əldə olunan gəlirlərin köçürülməsi şəbəkəsində iştirak etməkdə ittiham olunurlar.
Reuters agentliyinin məlumatına görə, ABŞ Maliyyə Nazirliyi noyabrın 20-də, cümə günü açıqlayıb ki, sanksiyaya məruz qalan şəxslər arasında SEPAH kəşfiyyatının keçmiş zabiti Məhəmmədcavad Bavənd və İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın qardaşı Məcid Tac da var.
Digər iki şəxs SEPAH komandirlərindən birinin oğlu Məhəmmədhüseyn Sərvəti və "Mahan" aviaşirkətinin baş direktorunun oğlu Müctəba Ərəbnejad kimi təqdim olunub.
ABŞ Maliyyə Nazirliyi iddia edib ki, bu şəxslər İslam Respublikasının neft gəlirlərinin toplanmasında rol oynayıb, bəzi hallarda isə bu gəlirlərin bir hissəsini öz şəxsi mənafeləri üçün saxlayıblar.
Bu sanksiyalara əsasən, həmin şəxslərin ABŞ yurisdiksiyasında ola biləcək aktivləri dondurulub, onlarla dollarla əməliyyat aparmaq isə faktiki olaraq qadağan edilir.