cümə axşamı, 19 noyabr 2026
Bölgə

İraq Hörmüz boğazındakı böhrandan yan keçmək üçün Türkiyə və Suriyaya üz tutub

İraq Hörmüz boğazındakı böhrandan yan keçmək üçün Türkiyə və Suriyaya üz tutub

İraq hökuməti Hörmüz boğazı vasitəsilə neft ixracında yaranan fasilələrdən sonra Bəsrə körfəzinin dəniz marşrutlarından asılılığını azaltmaq üçün xam neftin Türkiyə və Suriya üzərindən nəqlini genişləndirir.

İraqın rəsmi xəbər agentliyi və "Reuters" agentliyi xəbər verir ki, İraqın neft naziri Basim Məhəmməd Xudeyr Kərkük–Ceyhan (Türkiyə) boru kəməri ilə neft nəqlinin ilkin mərhələdə gündəlik 120 min barrel həcmində bərpa olunduğunu bildirib. O, Bağdadın bu həcmi 500 min barrelə çatdırmağı planlaşdırdığını da açıqlayıb.

Eyni zamanda, Qətərin "UCC Holding" şirkəti gündəlik 120-150 min barrel İraq neftini quru yolu ilə Suriyanın Baniyas limanına daşıyır. Bu neft oradan Aralıq dənizi bazarlarına, o cümlədən Türkiyə, İtaliya və Yunanıstana ixrac olunur.

Bağdad və Dəməşq həmçinin gündəlik ötürmə gücünün 2 milyon barrel olması nəzərdə tutulan Baniyas neft boru kəmərinin bərpası ilə bağlı ilkin razılığa gəliblər. Bu layihə regionda enerji nəqlində Türkiyə və Suriyanın rolunu gücləndirə bilər.

Bu xəbəri paylaşın