Yəmənin Ənsarullah hərəkatının Ər-Riyada endirdiyi yeni raket zərbəsi nəticəsində Kral Abdullah Maliyyə Mərkəzində yerləşən və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fonduna məxsus olan 80 mərtəbəli qüllə zədələnib.
"Fransa Press" agentliyinin xəbərinə görə, noyabrın 19-da, cümə axşamı törədilən hücum göydələnin şüşə fasadına və bəzi hissələrinə ziyan vurub.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya raket təhdidinin qarşısının alındığını açıqlayıb, lakin qəlpələrin düşməsi nəticəsində müəyyən ziyan dəydiyini bildirib.
Bu, noyabr ayında həmin iqtisadi zonaya qarşı törədildiyi bildirilən ikinci hücumdur. Ziyanın raketin birbaşa isabətindən, yoxsa havada zərərsizləşdirilmiş raketin qalıqlarından dəydiyi hələlik məlum deyil.