İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri noyabrın 16-da, bazar ertəsi, həftəlik aksiyalarını davam etdirərək Tehran, Həmədan, İsfahan, Sənəndəc, Bicar, Məşhəd, İlam, Bocnurd və Kirmanşah da daxil olmaqla bir sıra şəhərlərdə küçələrə çıxıblar. Etirazçılar Rabitə Nazirliyinin binaları qarşısında şirkətin hazırkı sahibləri olan Xomeyni Fərmanının İcra Qərargahına və SEPAH-ın Kooperasiya Fonduna verilməsini «biabırçı və zalımcasına» addım adlandırıblar.
Onların əsas tələbləri məşğulluq və sosial rifah əsasnaməsinin tam icrası, maaşların ədalətli şəkildə uyğunlaşdırılması, münasib əlavə sığortanın təmin edilməsi və illərdir ödənilməyən borcların ödənilməsidir. Aksiya iştirakçıları «Qəsbkar səhmdar, ar olsun sənə» və «Bacarıqsız nazir zalımların himayədarıdır» şüarları ilə şirkətin sahiblərini və rabitə nazirini hədəfə alıblar.
Bir gün əvvəl də İranda ən azı 9 etiraz aksiyası keçirilib. Onların arasında Sosial Təminat Təşkilatının təqaüdçülərinin Tehran, Rəşt, Əhvaz, Şuş və Kirmanşahda keçirdiyi aksiyalar, həmçinin Rəfsəncanda yük maşını sahiblərinin yanacaq kvotasının azaldılmasına qarşı etirazı olub.