Şərqi Azərbaycanın Marağa şəhərində ailədaxili münaqişələr və psixoloji təzyiqlər səbəbindən intihar etmək niyyətində olan 16 yaşlı yeniyetmə qız polis əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində xilas edilib.
İRNA agentliyinin məlumatına görə, Marağa polis rəisi bildirib ki, yeniyetmə şəhərin dəmir yolu ərazisində intihar cəhdi edib, lakin polis əməkdaşlarının hadisə yerinə gəlməsi və operativ reaksiyası sayəsində ölümdən xilas olub.
Polis rəsmisi gənc nəslin psixoloji problemləri ilə bağlı xəbərdarlıq edərək ailələri övladlarının psixi sağlamlığına, yeniyetmələrlə ünsiyyətə və onlara emosional dəstək göstərilməsinə daha çox diqqət yetirməyə çağırıb.
İRNA-nın məlumatına görə, bu hadisə son aylarda Marağada intihar cəhdlərinin artdığı bir vaxtda baş verib. Ötən ay da rayonun məktəblərindən birində bir qız şagird intihar nəticəsində həyatını itirib.
Bu cür hadisələrin təkrarlanması psixoloji məsləhət xidmətlərinin genişləndirilməsinin və böhran riski ilə üz-üzə qalan yeniyetmələrə dəstək göstərilməsinin zəruriliyini daha da qabarıq şəkildə ortaya qoyur.