İslam Respublikasının kəşfiyyat naziri üçün 1983-cü ildən qanunda nəzərdə tutulan ictihad şərtinə yenidən baxılır. Məclis deputatları bazar günü, noyabrın 15-də Kəşfiyyat Nazirliyinin təsisi haqqında qanuna və bu nazirliyin nazirinin təyinat şərtlərinə dəyişiklik edilməsinə dair layihənin təcili qaydada baxılmasını təsdiqləyiblər.
Açıq iclasda 267 deputat iştirak edib. Onlardan 192-si layihəyə təcili baxılmasının lehinə, 49-u isə əleyhinə səs verib, 4 nəfər bitərəf qalıb. Təcililiyin təsdiqlənməsi hələ qanunu dəyişdirmir, yalnız layihəyə baxılmasını sürətləndirir. Layihənin mətni əvvəlcə ixtisaslaşmış komissiyada müzakirə olunmalı, daha sonra yekun səsvermə üçün plenar iclasa qaytarılmalıdır.
Hazırkı qanuna əsasən, kəşfiyyat naziri ictihad səviyyəsində təhsilə malik olmalıdır. Müəyyən siyasi və idarəçilik təcrübəsi, «ədalət və təqvası ilə tanınmaq», eləcə də siyasi partiya və qruplara üzv olmamaq bu vəzifə üçün digər şərtlərdəndir.