İranda 25 yaşdan yuxarı əhalinin təxminən 20 milyon nəfəri diabet və ya prediabetdən əziyyət çəkir. Səhiyyə Nazirliyinin Qeyri-infeksion Xəstəliklərin İdarə Olunması Mərkəzinin rəis müavini Əlirza Mehdəvi şənbə günü, noyabrın 14-də (23 aban) bu statistikanı qeyri-infeksion xəstəliklərin risk amillərinə dair son milli sorğuya əsaslanaraq açıqlayıb.
Onun sözlərinə görə, 7-8 milyon nəfər diabet xəstəsidir, daha 13 milyondan çox insan isə prediabet mərhələsindədir. İkinci tip diabet uşaqlar və yeniyetmələr arasında da artmaqdadır. Mehdəvi bunun əsas səbəbləri kimi piylənməni, az hərəkətli həyat tərzini və ekranlı cihazlardan daha çox istifadəni göstərir.
Səhiyyə Nazirliyinin rəsmisi dərmanların bahalaşmasına və onları əldə etməyin çətinliyinə də toxunub. Onun sözlərinə görə, bu, qanda şəkərin səviyyəsinə nəzarəti daha da çətinləşdirib. Xəstələrin təxminən dörddə biri xəstəliyindən xəbərsizdir. Ölkə üzrə aparılan araşdırmalara görə, xəstələrin yarısından azı qanda şəkərin səviyyəsini lazımi həddə saxlaya bilir. Yəzd, Gilan və Mazandaranda diabetin yayılma səviyyəsi bir çox digər bölgələrdəkindən yüksəkdir.