Şanxayda keçirilən 24 saatlıq sınaqda altı humanoid robot real mağazanın idarəsini öz üzərinə götürüb. Gecəyarısı təmizlikçi robot o qədər dolu zibil qutusuna rast gəlib ki, qutu onun yolunu kəsib. Lakin robot nə qutunu boşaldıb, nə də kömək istəyib: marşrutundan çıxaraq mağazanın giriş qapısından çölə çıxıb və bir daha iş yerinə qayıtmayıb.
Bu sınağı Çinin AgiBot şirkəti noyabrın əvvəlində keçirib. Bu müddət ərzində mağaza müştərilərin üzünə açıq olub. Robotlar müştəriləri salamlayıb, rəfləri doldurub, səhər yeməyi verib və masaları təmizləyib. Robotlar həmin bir sutka ərzində 147 fincan qəhvə də hazırlayıb, sınağın canlı yayımını isə 2 milyondan çox insan izləyib.
Sınağı aparanlar qəsdən robotları səhvə salmağa çalışıblar. Onlardan adi Coca-Cola-nı şəkərsiz Coca-Cola-dan ayırd etmək istənilib, saqqız rəfi qarışdırılıb, keçidlər isə insanlar və qutularla bağlanıb. Robotlar bütün bu çətinliklərin öhdəsindən gəliblər, lakin istənilən mağazada hər gün baş verən adi nizamsızlıqlar onların işini çətinləşdirib.
Təşkilatçılar belə qənaətə gəliblər ki, rəflərin düzülməsinə cavabdeh olan robot kifayət qədər təşəbbüskar deyil. Səbəb odur ki, satışlar artanda bu robot rəflərdəki boş yerləri gec müəyyən edib və gec doldurub. Nəticədə altı robotdan yalnız dördü sınaqdan uğurla keçib, digər iki robot isə əlavə təlim üçün başqa qrupa göndərilib.
Bu robotlar öz səhvlərindən öyrənəcək şəkildə hazırlanıb. Uğursuz olduqları hər bir tapşırıq yaddaşda saxlanılır ki, növbəti dəfə oxşar vəziyyətdə daha yaxşı fəaliyyət göstərsinlər. Bu sınaq humanoid robotların gündəlik xidmət işlərini görməyə nə dərəcədə yaxınlaşdığını göstərir. Bununla belə, dolu zibil qutusu kimi sadə bir problem hələ də onların işini dayandıra bilir.