bazar ertəsi, 9 noyabr 2026
Xəbər

Xoyda namus qətli: 16 yaşlı şagird Nəsa Əlizadə atası tərəfindən öldürülüb

Xoyda namus qətli: 16 yaşlı şagird Nəsa Əlizadə atası tərəfindən öldürülüb

Qərbi Azərbaycan əyalətinin Xoy şəhristanına bağlı Kəlvanəs kəndinin sakini, 16 yaşlı şagird Nəsa Əlizadə ailəsi onun sevdiyi şəxslə evlənməsinə qarşı çıxdığına görə atası tərəfindən qətlə yetirilib.

Hadisə 8 aban 1405-ci ildə (30 oktyabr 2026) baş verib. 11-ci sinif şagirdi olan Nəsa Əlizadə ailəsi evlənməsinə qarşı çıxdığı üçün qətldən bir neçə gün əvvəl evi tərk etmişdi, lakin ailə üzvləri onu zorla geri qaytarıblar.

Məlumata görə, Nəsanın atası qızının bu addımını «biabırçılıq» kimi qəbul edib və onu boğub. Yeniyetmənin yaxınları bildiriblər ki, atası əvvəlcə onun cəsədini tələsik dəfn etmək niyyətində olub, lakin polis əməkdaşları ölümdən şübhələniblər və cəsəd araşdırma üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Məhkəmə-tibbi ekspertizanın araşdırmaları ölümün səbəbinin boğulma olduğunu müəyyən edib.

Nəsa Əlizadənin cəsədi 10 aban (1 noyabr) tarixində torpağa tapşırılıb. Onun atası Nəsanın anasının şikayətindən sonra həbs olunub və istintaq zamanı qızını namus motivi ilə qətlə yetirdiyini etiraf edib.

Bu xəbəri paylaşın