Qafqaz dağlarının qoynunda türk dünyasının müasir tarixində ən acı taleyi yaşamış türk xalqları yaşayır. Sovet hakimiyyəti onları ata-baba torpaqlarından qovub, kəndlərinin adlarını dəyişib və milli kimliklərini yox etməyə çalışıb, lakin dillərini və tarixi yaddaşlarını məhv edə bilməyib.
Qaraçaylar və malqarlar Şimali Qafqazın yerli türk xalqlarındandır. Onlar bölgənin uca dağlarının, o cümlədən Mingi-Tau, yəni Elbrusun ətəklərində yaşayırlar. Bu iki xalqın dili, mədəniyyəti, adət-ənənələri və tarixi keçmişi ortaqdır. Onlar özlərini "dağlı" mənasını verən "Taulu" adlandırırlar. "Alan" sözü də onların arasında etnik ad və müraciət forması kimi işlənir.
Bu xalqın taleyi Rusiyada bolşevik hakimiyyəti qurulandan sonra dəyişdi. Repressiya siyasəti, torpaqların müsadirəsi, məcburi köçürmələr, mədəni və ictimai elitaya təzyiqlər qaraçayların və malqarların həyatına ciddi təsir göstərdi.
Lakin onların müasir tarixinin ən acı səhifəsi İosif Stalinin hakimiyyəti illərində yazıldı.
1943-cü il noyabrın 2-də sovet hökuməti təxminən 69 min qaraçayı öz torpaqlarından sürgün etdi. Bir neçə ay sonra, 1944-cü il martın 8-də təxminən 40 min malqar da eyni aqibəti yaşadı.
Uşaqlar, qadınlar və yaşlılar mal-qara daşıyan vaqonlara doldurularaq minlərlə kilometr uzağa, Mərkəzi Asiyanın ucqar bölgələrinə, o cümlədən Qazaxıstana və Qırğızıstana aparıldı.
Sürgün olunanlar ağır iqlim şəraiti, ərzaq qıtlığı və xəstəliklərlə üz-üzə qaldı, onlardan çoxu həyatını itirdi. Sovet hökuməti bu kollektiv cəzaya nasist Almaniyası ilə əməkdaşlıq ittihamını əsas gətirirdi. Bu ittiham fərdi məsuliyyət araşdırılmadan bütöv bir xalqa qarşı irəli sürülmüşdü.
Sürgündən sonra onların torpaqlarının sərhədləri dəyişdirildi, bir çox kəndin və coğrafi məkanın adı rus və gürcü adları ilə əvəz olundu. Bu addımla həmin xalqın bu torpaqlarda tarixən yaşadığını göstərən izlər də hədəfə alındı.
Qaraçaylar və malqarlar nəhayət 1957-ci ildə Qafqaza qayıtmaq icazəsi aldılar. Lakin ana vətənə dönmək ayrı-seçkiliyin bitməsi demək deyildi. Sovet hökuməti bu tədbirlərin ədalətsiz olduğunu rəsmən yalnız 1989-cu ildə, sürgündən onilliklər sonra etiraf etdi.
Bu gün Rusiya Federasiyasının ərazisində qaraçaylar əsasən Qaraçay-Çərkəz Respublikasında, malqarlar isə Kabardin-Balkar Respublikasında yaşayırlar.
Onilliklər boyu siyasi və mədəni təzyiqlərə məruz qalsalar da, bu iki türk icması ana dilini, musiqisini, ədəbiyyatını, adət-ənənələrini və tarixi kimliyini qorumağa bu gün də çalışır.
Qaraçayların və malqarların taleyi təkcə tarixi bir sürgünün hekayəsi deyil. Bu, bir xalqın öz dilinə, torpağına və kollektiv yaddaşına bağlılığının hekayəsidir.
Stalin onları evlərindən qova bildi, lakin qaraçayları və malqarları türk dünyasının yaddaşından silə bilmədi.