cümə, 6 noyabr 2026
İran

İranın səhiyyə sistemində faciə: ürək transplantasiyası gözləyən 130 uşaq həyatını itirib

İranın səhiyyə sistemində faciə: ürək transplantasiyası gözləyən 130 uşaq həyatını itirib

İran Orqan Donorluğu Cəmiyyətinin sədri orqan transplantasiyası üçün gözləmə siyahısında olan xəstələr arasında ölüm hallarının artdığını bildirib. O, keçən il təkcə bir xəstəxanada transplantasiya üçün ürək tapılmadığına görə 130 uşağın həyatını itirdiyini açıqlayıb.

İLNA xəbər agentliyinin məlumatına görə, İran Orqan Donorluğu Cəmiyyətinin sədri Katayun Nəcəfizadə keçən il Rəcai xəstəxanasında uşaqlara cəmi 30 ürək transplantasiyası əməliyyatı aparıldığını bildirib. Onun sözlərinə görə, eyni dövrdə həmin xəstəxanada transplantasiya növbəsində olan 130 uşaq həyatını itirib.

O, koronavirus pandemiyasından sonra orqan donorluğunun azaldığını qeyd edib və deyib ki, bir çox ölkədən fərqli olaraq İran hələ də orqan donorluğu göstəricilərini arzuolunan səviyyəyə qaytara bilməyib.

Nəcəfizadə vurğulayıb ki, beyin ölümü halları azalmasa da, transplantasiya üçün yararlı orqanlardan istifadə hələ də mövcud imkanlardan aşağıdır. Onun sözlərinə görə, transplantasiyaya ehtiyacı olan xəstələrin sayının artdığı bir vaxtda yaranan bu vəziyyət gözləmə siyahısında daha çox insanın ölümünə səbəb olub.

O, həmçinin orqan donorluğunu artırmaq və transplantasiyaya ehtiyacı olan xəstələrin ölümünün qarşısını almaq məqsədilə milli layihənin həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Bu xəbəri paylaşın