cümə, 6 noyabr 2026
Bölgə

Türkiyə parlamenti Məkkə paktını təsdiqləyib

Türkiyə parlamenti Məkkə paktını təsdiqləyib

Türkiyə Böyük Millət Məclisi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında «Məkkə razılaşması» adlanan birgə müdafiə sazişini təsdiqləyib. Sənədi Ədalət və İnkişaf, Milliyyətçi Hərəkat və Cümhuriyyət Xalq partiyaları dəstəkləyib.

TRT-nin məlumatına görə, 2026-cı il avqustun 7-də Məkkədə imzalanan saziş noyabrın 5-də, cümə axşamı axşam saatlarında Türkiyə parlamentində təsdiqlənib.

Sazişin müddəalarına əsasən, üç ölkədən birinə qarşı xarici silahlı hücum bütün üzvlərə qarşı hücum sayılacaq və üzv ölkələr bir-birinə yardım göstərməyi öhdələrinə götürəcəklər. Bununla belə, hərbi dəstəyin növü və həcmi tərəflərin məsləhətləşməsi və razılığından sonra müəyyənləşdiriləcək. Qoşun göndərilməsi isə avtomatik həyata keçirilməyəcək.

Saziş həmçinin müdafiə sənayesində əməkdaşlığı, hərbi texnikanın birgə istehsalını, texnologiya transferini, birgə təlimləri, təhlükəsizlik sahəsində kəşfiyyat məlumatlarının mübadiləsini, eləcə də müharibə və sülh dövründə logistik dəstək göstərilməsini nəzərdə tutur.

Sazişə əsasən, üç ölkənin xarici işlər nazirləri, müdafiə nazirləri və baş qərargah rəislərindən ibarət komitə yaradılacaq. Komitənin daimi katibliyi Səudiyyə Ərəbistanında yerləşəcək.

Pakt hər üç ölkədə təsdiq prosedurları başa çatdıqdan sonra qüvvəyə minəcək. Üzv ölkələr ilk on il ərzində paktdan çıxa bilməyəcəklər.

Bu xəbəri paylaşın