900 qramlıq paketdə satılan az yağlı südün qiyməti şəhrivər ayındakı 84 min tüməndən aban ayında 143 min tümənə çatıb. ISNA-nın yerində apardığı araşdırma göstərir ki, brendlərdən birinin 1 litrlik butulkada satılan az yağlı südü eyni dövrdə 98 min tüməndən 196 min 900 tümənə qalxaraq 2 dəfə bahalaşıb. Hazırda 1,8 kiloqramlıq az yağlı qatıq 327 min 800 tümənə, 400 qramlıq az duzlu pendir isə 229 min tümənə satılır.
Süd məhsulları bazarındakı bahalaşma xam südün qiymətinin 60 min 500 tüməndən 68 min tümənə qaldırılması hələ rəsmi şəkildə təsdiqlənmədiyi bir vaxtda baş verib. Süd Məhsulları Sənayesi Assosiasiyasının sözçüsü Məhəmməd Fərbud son bir ildə adambaşına düşən süd məhsulları istehlakının 10-15 faiz azaldığını bildirib. Səhiyyə Nazirliyinin məlumatına görə, İranda süd məhsullarının gündəlik istehlakı 1 vahiddən aşağı düşüb. Halbuki tövsiyə olunan miqdar 2-3 vahiddir.