Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında heç bir marağının olmadığını deyib. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan bu hərbi alyansın üzvləridir. Müqaviləyə əsasən, üzvlərdən birinə edilən hücum bütün üzvlərə hücum sayılır.
İrəvan 2021 və 2022-ci illərdə Azərbaycanla sərhəd toqquşmaları zamanı bu təşkilatdan rəsmi olaraq yardım istəsə də, müttəfiqlərdən heç biri onun köməyinə gəlməyib. Ermənistanın həmin müqavilə çərçivəsində hərbi tərəfdaşı olan Belarus isə hətta Azərbaycana rəsmi şəkildə silah verib.
Paşinyanın yeni mövqeyi Ermənistanın Avropa İttifaqına yaxınlaşdığı bir vaxtda ortaya çıxıb. Rusiya prezidenti Vladimir Putin bu yaxınlaşmaya reaksiya olaraq İrəvanı «Ukrayna ssenarisi» ilə hədələmişdi.