Türkiyə Müdafiə Nazirliyi ilkin araşdırmalara əsasən, ölkə ordusunun bir əsgərinin İranla sərhəddə ölümcül atəşə tutulmasının İran ərazisindən həyata keçirildiyini açıqlayıb. Hadisəni törədənlərlə bağlı araşdırmalar hələ də davam edir.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, ölkə ordusunun piyada əsgəri Yusuf Sait Ünlü oktyabrın 31-də Hakkari vilayətinin Yüksəkova bölgəsində sərhədin qanunsuz keçilməsinin qarşısını almaq üçün müdaxilə edərkən güllə yarası alaraq şəhid olub.
Türkiyə Müdafiə Nazirliyi noyabrın 5-də, cümə axşamı bildirib ki, hadisədən sonra məhkəmə və inzibati araşdırmalara başlanılıb, iki ölkənin rəsmiləri isə noyabrın 3-də atəşin açıldığı yerdə görüşüblər.
Nazirliyin sözlərinə görə, İran rəsmiləri də ayrıca araşdırmaya başlayıblar və araşdırmalar tərəflərin koordinasiyası ilə davam edir.
Ankara indiyədək atəş açan şəxsin kimliyini qəti şəkildə açıqlamayıb.