ArazNews
Ana Səhifə / İran / ABŞ-ın Qeşm adasına zərbəsi: dünya bazarlarında neftin qiyməti artıb
İran

ABŞ-ın Qeşm adasına zərbəsi: dünya bazarlarında neftin qiyməti artıb

ABŞ-ın Qeşm adasına zərbəsi: dünya bazarlarında neftin qiyməti artıb

ABŞ-ın Hörmüz boğazındakı Qeşm adasına yeni zərbələri barədə xəbərlər yayıldıqdan sonra noyabrın 3-də, çərşənbə axşamı dünya bazarlarında neftin qiyməti artıb. İslam Respublikası ilə müharibənin yenidən kəskinləşəcəyi ilə bağlı narahatlıq da güclənib.

Reuters-in məlumatına görə, amerikalı rəsmilərdən biri ABŞ qüvvələrinin Qeşm adasına məhdud zərbələr endirdiyini təsdiqləyib. ABŞ rəsmiləri bu əməliyyatı «müdafiə xarakterli» adlandırıblar. Onların sözlərinə görə, əməliyyatın məqsədi İslam Respublikasının Amerika təyyarələrinə və Hörmüz boğazında gəmiçiliyə qarşı yaratdığı təhdidlərin qarşısını almaqdır.

İranın dövlət mediası da Qeşm adasında bir neçə partlayış baş verdiyini xəbər verib. Lakin dəymiş ziyanın və mümkün itkilərin təfərrüatı hələlik məlum deyil.

Bu xəbərlər yayıldıqdan sonra Brent markalı neftin bir barelinin qiyməti 104,80 dollara, ABŞ xam neftinin bir barelinin qiyməti isə 96,66 dollara qalxıb.

Bu artım neftin qiyməti bazar ertəsi 7 faizdən çox ucuzlaşdıqdan sonra baş verib. Həmin gün qiymətin enməsinə Tehran və Vaşinqton arasındakı danışıqlarda irəliləyiş olacağına dair ümidlər təsir göstərmişdi.

Reuters xəbər verib ki, Qətərin vasitəçiliyi ilə diplomatik səylər davam etsə də, regionda hərbi əməliyyatların yenidən genişlənəcəyi ilə bağlı narahatlıq enerji bazarına kölgə salmaqda davam edir.