ArazNews
Ana Səhifə / Xəbər / Fruktoza qlükozadan fərqli olaraq beynə toxluq siqnalı göndərmir
Xəbər

Fruktoza qlükozadan fərqli olaraq beynə toxluq siqnalı göndərmir

Fruktoza qlükozadan fərqli olaraq beynə toxluq siqnalı göndərmir

Qablaşdırılmış qida məhsullarının etiketlərində qlükoza və fruktozanın miqdarı toplanır və «şəkər» adı altında qramla tək bir rəqəm kimi göstərilir. Lakin yeni araşdırma göstərir ki, bu iki şəkərin kalorisi eyni olsa da, onlar beynə ayrı-ayrı yollarla siqnal göndərir və yalnız qlükoza beynə orqanizmin doyduğunu bildirir.

Araşdırmada qlükoza güclü toxluq siqnalı göndərib və aclığı stimullaşdıran sinir hüceyrələrinin fəaliyyətini sürətlə azaldıb. Bunun əksinə, meyvə şəkəri kimi tanınan fruktoza demək olar ki, heç bir toxluq siqnalı göndərməyib və bu hüceyrələr şəkər qəbulundan sonra da aktiv qalıb. Araşdırmanın nəticələrindən belə çıxır ki, bağırsaq və beyin bu iki şəkəri bir-birindən ayırd edə bilir və iştahın tənzimlənməsində onlara qarşı çox fərqli davranır.

Yüksək fruktozalı qarğıdalı siropu bir çox ölkədə qazlı içkilərin və emal olunmuş qəlyanaltıların əksəriyyətində istifadə edilən şirinləşdiricidir. Bu sirop beynin həzz hissi ilə bağlı olan mükafat sistemini sınaqdan keçirilmiş digər şəkərlərdən daha güclü aktivləşdirib. Müxtəlif şəkərlər arasında seçim edə bilən heyvanlar da açıq şəkildə məhz bu siropa üstünlük veriblər. Yəni beyin ən çox toxluq siqnalı göndərməyən şəkərə meyl edib.

Bu tapıntılar bir çox insanın qazlı içki içdikdən sonra niyə yenə də yemək və içmək istədiyini izah edə bilər. Halbuki eyni miqdarda kalori qlükoza ilə zəngin qidadan alındıqda daha çox toxluq hissi yaradır. Beləliklə, etiketində eyni miqdarda şəkər və kalori göstərilən iki içki və ya qida aclığa çox fərqli təsir göstərə bilər. Şəkərin növü isə insanın sonda nə qədər qida qəbul etməsində rol oynaya bilər.