ArazNews
Ana Səhifə / Bölgə / ABŞ gəmilərə Hörmüz boğazından və Oman dənizindən uzaq durmağı tövsiyə edib
Bölgə

ABŞ gəmilərə Hörmüz boğazından və Oman dənizindən uzaq durmağı tövsiyə edib

ABŞ gəmilərə Hörmüz boğazından və Oman dənizindən uzaq durmağı tövsiyə edib

ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı çərşənbə günü Birgə Dəniz İnformasiya Mərkəzi vasitəsilə yaydığı açıqlamada regionun geosiyasi vəziyyətini əsas gətirib. Komandanlıq bu marşrutdan keçməyə zərurəti olmayan gəmilərə bölgədən uzaq durmağı tövsiyə edib.

Xəbərdarlıqda deyilir: «Hazırkı geosiyasi vəziyyət nəzərə alınaraq, bölgədən keçməyə ehtiyacı olmayan gəmilərə səfərlərində lüzumsuz gecikmələrin qarşısını almaq üçün bölgədən tamamilə uzaq durmaları tövsiyə olunur».

Məlumata görə, ABŞ ordusunun yeni tövsiyəsi Oman dənizindəki limanlarla Hörmüz boğazı arasında hərəkət etməyə zərurəti olmayan gəmilərə aiddir.

ABŞ-ın yeni xəbərdarlığı bu ölkənin əvvəlki tövsiyəsi ilə müqayisədə daha geniş əhatə dairəsinə malikdir. ABŞ Nəqliyyat Nazirliyinin Dəniz Administrasiyası sentyabrın 9-da yaydığı xəbərdarlıqda ABŞ bayrağı altında üzən gəmilərə mümkün qədər İrandan uzaq durmağı tövsiyə etmişdi. Administrasiya həmin gəmilərdən Hörmüz boğazının Oman sahillərinə yaxın şərq marşrutları ilə hərəkət etməyi də istəmişdi.