İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələri sıx rəqabətdən və siyasi dalandan xəbər verir. Bu vəziyyət Binyamin Netanyahunun baş nazir kimi gələcəyini sual altında qoyub.
Reuters agentliyinin məlumatına görə, oktyabrın 27-də, çərşənbə axşamı keçirilən səsvermədən sonra aparılan sorğular göstərir ki, nə Netanyahunun, nə də Qadi Ayzenkotun koalisiyası parlamentdə 61 yerlik çoxluğu əldə edə bilməyib.
Netanyahu sağçı hökumətin qurulmasına çağırıb. O, Donald Trampla birgə İslam Respublikasına qarşı hərbi əməliyyat ehtimalını yenidən gündəmə gətirib və İran təhlükəsinə son qoymaq üçün tarixi fürsətin olduğunu iddia edib.
Ayzenkot isə seçicilərin Netanyahunun baş nazir kimi qalmasını rədd etdiyini bəyan edib və ondan siyasətdən çəkilməyi tələb edib. O, həmçinin xəbərdarlıq edib ki, İsrailin təhlükəsizliyi Netanyahunun siyasi maraqlarına qurban verilməməlidir.
Seçkilərdə iştirak 77,7 faizə çatıb. Bu, son iyirmi ildən artıq müddətdə ən yüksək göstəricidir. Yekun nəticələrin cümə axşamı və ya cümə günü açıqlanacağı gözlənilir.
Dalan davam edərsə, koalisiyanın qurulması ilə bağlı danışıqlar həftələrlə uzana, hətta təkrar seçkilərə də səbəb ola bilər. Netanyahu yeni hökumət qurulanadək müvəqqəti baş nazir vəzifəsində qala bilər.