Şair, yazıçı, tərcüməçi və Azərbaycan folklorunun tədqiqatçısı Aqşin Ağkəmərli 66 yaşında vəfat edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Ağkəmərli oktyabrın 14-də, çərşənbə günü səhər dünyasını dəyişib.
Ağkəmərli 1960-cı ildə Şəbüstərə bağlı İskəmər kəndində anadan olub və uşaq yaşlarında ailəsi ilə birlikdə Tehrana köçüb. O, stomatologiya üzrə təhsil alıb. Peşə fəaliyyəti ilə yanaşı, şeir və hekayələr yazıb, Azərbaycan ədəbiyyatı və mədəniyyəti barədə araşdırmalar aparıb.
«Mişov dağı» ədəbi dərgisinin baş redaktoru olması və Mişov Mədəniyyət Cəmiyyətinə rəhbərlik etməsi onun mədəni fəaliyyətləri sırasındadır. Ağkəmərli həmçinin Azərbaycan şairlərinin əsərlərini Arazın cənubundakı oxucular üçün hazırlayıb nəşr edilməsində iştirak edib.
«Bizi yaşadan tarix», «Təbrizdən Təbrizə» və «Öpdüm Arazı» şeirlər toplusu onun əsərlərindəndir. Doğma yurda, ana dilinə, milli kimliyə və Azərbaycan xalqının mədəni irsinə bağlılıq «Öpdüm Arazı» toplusunun əsas mövzularındandır. Bu əsərlər onun adını Arazın hər iki tayındakı oxuculara tanıdıb.