Yayılan məlumatlar son günlərdə İsrailin Suriya və İraq səmasında hava fəallığının artdığını göstərir. Bəzi mənbələr İsrail qırıcılarının İran ərazisinin dərinliklərində əməliyyatları imitasiya etmək məqsədilə hərbi təlimlər keçirdiyini iddia edib.
Suriyada oktyabrın 12-də İsrail qırıcılarının Dəməşq və Dəra üzərində uçuşları qeydə alınıb, oktyabrın 13-14-də isə İsrailə aid edilən kəşfiyyat PUA-ları ölkənin cənub bölgələrində və Dəməşq səmasında müşahidə olunub.
İraqda da F-35 və F-16 qırıcılarının ölkə ərazisinə daxil olması və yanacaqdoldurma təyyarələrinin fəaliyyəti barədə məlumatlar yayılıb. İraq təhlükəsizlik mənbələri ölkənin qərbində və cənubunda naməlum hava fəaliyyətinin izləndiyini bildirib.
Bəzi hərbi məlumatlara görə, bu uçuşlar uzaqmənzilli əməliyyatlar, havada yanacaqdoldurma təlimi və İranın hava hücumundan müdafiə sistemlərini yarıb keçməyin imitasiyası ilə bağlı ola bilər.