ArazNews
Ana Səhifə / Məqalə / İslam Respublikasının Cənubi Azərbaycandakı gizli məqsədləri: Azərbaycan nə İslam Respublikasının bəla qalxanı, nə də onun təhlükəsizlik layihələrinin piyada qoşunudur
Məqalə

İslam Respublikasının Cənubi Azərbaycandakı gizli məqsədləri: Azərbaycan nə İslam Respublikasının bəla qalxanı, nə də onun təhlükəsizlik layihələrinin piyada qoşunudur

İslam Respublikasının Cənubi Azərbaycandakı gizli məqsədləri: Azərbaycan nə İslam Respublikasının bəla qalxanı, nə də onun təhlükəsizlik layihələrinin piyada qoşunudur

Ötən günlərdə «Təhlükəsizlik qurumlarının yeni layihəsi: siyasi məhbuslar üçün kampaniya qurmaqdan Azərbaycan milli hərəkatında süni lider yaratmağa qədər» adlı məqalədə bir sıra xəbər və ehtimallara toxunmuşduq. Söhbət İslam Respublikasının Cənubi Azərbaycanın bir sıra siyasi məhbuslarına uzunmüddətli məzuniyyət verməklə bağlı ehtimal olunan planından, rejimin təhlükəsizlik qurumlarının Azərbaycan milli hərəkatında «lider yaratmaq» cəhdlərindən və İslam Respublikası ilə Cənubi Azərbaycan arasındakı münasibətlərdə «açılım» adlanan ssenarinin gündəmə gətirilməsindən gedirdi. Görünür, bu ssenarinin əsası bəzi güzəştlərin və məqsədyönlü addımların gündəmə gətirilməsi ilə qoyulub.

İndi həmin müzakirənin davamı olaraq İslam Respublikasının bu güzəştləri hansı məqsədlə gündəmə gətirdiyini, təhlükəsizlik qurumlarının «açılım» adlanan ssenarini nə üçün irəli apara biləcəyini və bu yanaşmanın arxasında hansı gizli məqsədlərin durduğunu araşdırmağa çalışacağıq.

▪Birinci hissə

▪İkinci hissə

Bu iki məsələnin eyni vaxta düşməsini siyasi baxımdan nəzərdən qaçırmaq olmaz. Söhbət Azərbaycan milli hərəkatının bəzi siyasi məhbuslarına uzunmüddətli məzuniyyət verilməsi planından və bir sıra milli fəalların hansısa «açılım» və güzəştlər barədə danışıq aparmaq üçün çağırılmasından gedir. Bu üst-üstə düşmə hər bir azərbaycanlı türk fəalın və vətəndaşın qarşısında ciddi bir sual qoyur: daxili və xarici böhranların yığılıb qaldığı bir şəraitdə İslam Respublikası məhdud, müvəqqəti və nümayişkaranə güzəştlərlə Azərbaycandakı siyasi mühiti idarə etməyə və bu bölgədə gözlənilməz vəziyyət yaranmasının qarşısını almağa çalışırmı?

Reallıq budur ki, böhran içində olan İslam Respublikası normal şəraitdə qəbul etməyəcəyi taktikalara əl atıb. Lakin taktiki geri çəkilmə ilə strateji dəyişiklik arasındakı fərqi gözdən qaçırmaq olmaz.

Ciddi şəkildə nəzərə alınmalı olan ssenarilərdən biri hakimiyyətin müharibə genişlənəcəyi təqdirdə Azərbaycanın etiraz potensialını öz tərəfinə çəkmək, heç olmasa isə neytrallaşdırmaq cəhdidir. İslam Respublikası ilə ABŞ və İsrail arasında birbaşa hərbi qarşıdurma ehtimalının gündəmdə olduğu bir şəraitdə belə bir sual yaranır: hakimiyyət məhdud güzəştlər verməklə və ümid mühiti yaratmaqla Azərbaycan cəmiyyətinin bir hissəsini susdurmağa, yaxud onu öz siyasətini dəstəkləməyə yönəltməyə çalışırmı?

İslam Respublikası geniş miqyaslı quru müharibəsi baş verəcəyi təqdirdə qüvvə səfərbər etmək və müharibənin tələb etdiyi insan resursunu təmin etmək üçün ictimai hisslərdən, təhlükəsizlik mülahizələrindən və hətta Azərbaycan millətinin tanınmayan tələblərindən istifadə etməyə çalışır. Bunun müqabilində isə bu millətin milli hüquqlarına heç bir real və davamlı təminat vermir. Belə bir vəziyyətdə bugünkü vədlərin böhran dövründə dəstək qazanmaq vasitəsinə çevrilməsi təhlükəsi var. Hakimiyyət fövqəladə vəziyyətdən çıxdıqdan sonra isə həmin vədlər kənara qoyula və milli tələblərin yatırılmasına yenidən başlanıla bilər. Məsələ təkcə Azərbaycan milli hərəkatını daxildən nəzarətdə saxlamaq deyil. Əsas məsələ türk millətinin İslam Respublikasının ayaqda qalması və fars mərkəzçi hegemoniyasının qorunması naminə top yeminə çevrilməsi ehtimalıdır.

Başqa bir ssenarini də nəzərdən keçirmək olar. Mərkəzi hakimiyyətin zəifləməsi Bəlucistan, Kürdüstan və Əhvaz kimi bölgələrdə etirazların və ya silahlı toqquşmaların genişlənməsinə yol açarsa, hakimiyyət eyni vaxtda baş verən böhranları cilovlamaq üçün seçici güzəştlər siyasətinə əl atacaq, bölgələr və ictimai qüvvələr arasında balans yaratmağa çalışacaq. Belə şəraitdə Azərbaycana məhdud güzəştlərin verilməsi türklərin milli hüquqlarının həyata keçirilməsinə xidmət etməyəcək. Bu güzəştlərin məqsədi Azərbaycanın ictimai qüvvələrinin bir hissəsini öz tərəfinə çəkmək və onların potensialından digər bölgələrdəki böhranları cilovlamaq üçün istifadə etmək olacaq.

Bu çərçivədə türklərdən elə bir nizamın qorunmasının bədəlini ödəmələri tələb olunur ki, onlar özləri də bu nizamın ayrı-seçkiliyindən və məhdudiyyətlərindən əziyyət çəkiblər. Həmin nizam müharibənin həlledici anında onları döyüş cəbhələrinə göndərir, daxili böhranın həlledici anında isə onlardan digər millətlərə qarşı istifadə edir. Bunun müqabilində isə onların milli hüquqlarının həyata keçirilməsinə heç bir təminat vermir.

Bununla belə, bir əsas prinsip unudulmamalıdır: Azərbaycan milləti İslam Respublikasının böhranlarının bədəlini ödəməməlidir. Onun milli tələbləri sövdələşmə və bazarlıq predmetinə, yaxud hakimiyyətin təhlükəsizlik və hərbi layihələrinə insan resursu təmin etmək vasitəsinə çevrilməməlidir. Nə ehtimal olunan müharibədə, nə daxili münaqişələrdə, nə də hakimiyyətin təhlükəsizlik rəqabətlərində Azərbaycanın milli hüquq və maraqlarına məhəl qoyulmamasına heç bir bəraət yoxdur.

Tamamilə aydındır ki, İslam Respublikası Azərbaycan milli hərəkatının daxilində hakimiyyət strukturundan asılı, süni şəkildə qurulmuş paralel bir cərəyan formalaşdırmağa çalışır. Bu ssenari reallaşarsa, həmin cərəyan milli hərəkatın sıralarına sızmaq, türk millətinin siyasi tələblərini cilovlamaq və Cənubi Azərbaycandakı prosesləri nəzarətdə saxlamaq vasitəsinə çevriləcək. Belə bir layihə milli hərəkatın siyasi müstəqilliyini hədəf almaqla yanaşı, hakimiyyətin təhlükəsizlik və hərbi maraqlarının təmin olunmasına da xidmət edir.

Şübhəsizdir ki, Azərbaycan milli hərəkatını hakimiyyət strukturundan asılı vəziyyətə salmaq və milli tələbləri siyasi və təhlükəsizlik bazarlığı vasitəsinə çevirmək üçün edilə biləcək istənilən cəhdə qarşı ayıq olmaq vacibdir. Azərbaycanın taleyüklü məqamlarda siyasi etimadın, qeyri-sabit ittifaqların və milli tələblərin kənara itələnməsinin nəticələri ilə bağlı acı tarixi təcrübəsi var. Məşrutə inqilabından 1357-ci il (1979) hadisələrinə və sonrakı illərə qədər yaşanan bu təcrübələr Azərbaycan millətinin müstəqil mövqeyini və siyasi iradəsini qorumasının nə qədər vacib olduğunu göstərir.

Azərbaycan bir daha mərkəzçilərin siyasi və təhlükəsizlik məqsədlərinə çatmaq üçün vasitəyə çevrilməməlidir. Azərbaycanın siyasi taleyi nə İslam Respublikasının təhlükəsizlik qurumlarının qərar otaqlarında müəyyənləşməli, nə də fars mərkəzli mərkəzçi qüvvələrin layihələri çərçivəsində həll edilməlidir. Gələcək yolu müəyyənləşdirmək, tələbləri formalaşdırmaq və siyasi mübarizə üsullarını seçmək hüququ Azərbaycan millətinin özünə məxsusdur.

Azərbaycan milli hərəkatı öz siyasi müstəqilliyini və milli kimliyini qorumaq üçün müstəqil təşkilatlanmaya, kollektiv iradəyə və siyasi hesabatlılığa ehtiyac duyur. Hərəkat milli tələbləri ələ keçirməyə yönələn hər hansı cəhdə qarşı da həssas olmalıdır. Çünki heç bir müvəqqəti güzəşt və heç bir qeyri-müəyyən vəd Azərbaycan millətinin davamlı hüquqlarını əvəz etməməlidir. Azərbaycanın taleyini Azərbaycanın özü müəyyənləşdirməlidir. Bu millət bir daha başqalarının layihələrinin piyada qoşununa çevrilməməlidir.

Sonda açıq şəkildə bəyan etməliyik: Azərbaycan nə İslam Respublikasının bəla qalxanı, nə onun müharibələrinin ehtiyat qüvvəsi, nə də digər millətləri yatırmaq vasitəsidir. Azərbaycan öz iradəsinin və siyasi taleyinin sahibidir. Heç bir qüvvənin bu millətin adından, kimliyindən və insan resursundan öz varlığını qorumaq və fars mərkəzçi hegemoniyasını davam etdirmək üçün istifadə etməyə haqqı yoxdur.