İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ vətəndaşlarına ünvanladığı 26 səhifəlik məktubda onları Konqres seçkilərində Donald Trampın müttəfiqlərinin uzaqlaşdırılmasına səs verməyə, Vaşinqtonun İsrailə dəstəyini və ABŞ-dan kənardakı hərbi müdaxilələrini rədd etməyə çağırıb.
Reuters-in məlumatına görə, SEPAH məktubda yazıb: «ABŞ-ın hazırkı vəziyyətinə görə məsuliyyət daşıyan şər, fırıldaqçı və zorakılığa meylli siyasətçiləri hakimiyyətdən uzaqlaşdırın». Məktubda həmçinin qeyd olunub ki, amerikalı siyasətçilər «dünyanın dəyişdiyini» anlamalıdırlar.
Məktub ABŞ Konqresinə noyabrın 3-də keçiriləcək seçkilər ərəfəsində yayılıb. Bu seçkilər respublikaçılarla demokratlar arasında qüvvələr balansını dəyişə bilər. Reuters/Ipsos-un sentyabrın 21-də keçirdiyi sorğuya əsasən, respondentlərin 17 faizi Trampın yaşayış xərcləri sahəsindəki fəaliyyətini, 34 faizi isə İrana qarşı hücumları dəstəkləyib.
Eyni zamanda, son amerikan hərbçilərinin 23 ildən sonra İraqda qalan bazalarından çıxarılması gözlənilir. Tehran bu addımı regionda İslam Respublikası ilə həmfikir qrupların uğuru kimi təqdim edib.
Digər tərəfdən, Qətər Tehranla Vaşinqton arasında mesaj mübadiləsini davam etdirir, müharibənin başa çatması və Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma əldə olunmasına çalışır. Tramp da çərşənbə axşamı bir daha bildirib ki, İran çətin vəziyyətdədir və sonda «təslim olacaq».