ArazNews
Ana Səhifə / İran / Besent: İki ilə qədər Hörmüz boğazı «dəyərsiz su parçasına» çevriləcək
İran

Besent: İki ilə qədər Hörmüz boğazı «dəyərsiz su parçasına» çevriləcək

Besent: İki ilə qədər Hörmüz boğazı «dəyərsiz su parçasına» çevriləcək

ABŞ-ın xəzinədarlıq naziri Skott Besent çərşənbə axşamı, 10 şəhriverdə (1 sentyabr) Şimali Karolina ştatının Eşvil şəhərində keçirilən G20 iclasları çərçivəsində bildirib ki, Vaşinqton və onun müttəfiqləri təchizat zəncirinin həssas nöqtələrindən asılılığı azaltmaqdadır və proqnozlaşdırıb ki, iki il ərzində Hörmüz boğazının strateji əhəmiyyəti kəskin şəkildə azalacaq.

Besent bildirib ki, İran Hörmüz boğazından bir «darboğaz nöqtəsi» kimi istifadə etməyə çalışır; onun sözlərinə görə, bu marşrut ABŞ üçün həyati əhəmiyyət daşımasa da, digər bir çox ölkələr üçün belə deyil. O əlavə edib: «İki il ərzində Hörmüz boğazı dəyərsiz bir su parçasına çevriləcək», çünki regionun neftinin böyük hissəsi bu su yolundan keçmək əvəzinə quru boru kəmərləri vasitəsilə daşınacaq.

ABŞ-ın xəzinədarlıq naziri bunu Tramp administrasiyasının təchizat zəncirlərində «riskin azaldılması» istiqamətindəki daha geniş siyasətinin bir hissəsi olaraq qiymətləndirib. Kovid pandemiyası təcrübəsinə istinad edərək o bildirib ki, Vaşinqton qabaqcıl yarımkeçiricilər, kritik minerallar və dərman xammalı kimi sahələrdə xarici asılılığı azaltmağa çalışır və bu strateji malların istehsalının daha böyük hissəsini ABŞ daxilinə qaytarmaq niyyətindədir. Xəzinədarlıq Nazirliyi də daha əvvəl ABŞ-ın çiplər, dərmanlar və minerallar sahəsində xarici mənbələrdən asılılığını təhlükəsizlik zəifliyi kimi xarakterizə etmişdi.

Besentin bu açıqlamaları elə bir vaxtda səslənir ki, İranın müharibəsindən qaynaqlanan pozuntular fonunda Körfəz ölkələri Hörmüz boğazına alternativ boru kəmərləri və limanların inkişafına investisiyaları artırıblar.