Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari çərşənbə axşamı, 18 avqustda bildirib ki, Qətər qüvvələri 19 martda bu ölkənin hava məkanına daxil olmuş İran pilotlarından birinin cəsədini tapıb və onu İran tərəfinə təhvil veriblər.
Əl-Ənsari həmçinin deyib ki, Doha axtarış-xilasetmə əməliyyatının təfərrüatları ilə tanış olmaq üçün İrandan texniki qrup göndərməyi xahiş edib, lakin İran tərəfi bu dəvətə indiyədək cavab verməyib. Onun sözlərinə görə, Qətərin İran heyətini dəvət etməsi qüvvədə qalmaqdadır.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin bildirib ki, Doha Tehranın təxminən altı aydan sonra pilotlar məsələsini yenidən niyə gündəmə gətirdiyini bilmir. Qətər daha əvvəl İranın bu ölkədə İran pilotlarının saxlanıldığına dair iddiasını rədd etmişdi.
Bu açıqlamalar elə bir vaxtda səslənir ki, İran rəsmiləri martda baş vermiş hərbi əməliyyat zamanı itkin düşmüş üç İran pilotunun Qətərin ixtiyarında olduğunu iddia edirlər; Doha isə bu iddianı qəti şəkildə rədd edib.