İran rejiminin Məclis sədri Məhəmmədbaqir Qalibaf bildirib ki, Hörmüz boğazı «dəniz mühasirəsi» ləğv olunana və İrana qarşı neft sanksiyaları aradan qaldırılana qədər yenidən açılmayacaq.
Qalibaf deyib ki, mühasirə ləğv olunmayana, İranın dondurulmuş aktivləri azad edilməyənə, neftlə bağlı sanksiyalar götürülməyənə və bütün cəbhələrdə müharibə dayandırılmayana qədər Hörmüz boğazı bağlı qalacaq.
O, həmçinin ABŞ ilə imzalanan anlaşma memorandumunda göstərilən digər şərtlərin yerinə yetirilməsini Hörmüz boğazının yenidən açılmasının başqa ön şərti kimi qeyd edib və bildirib ki, Tehran bu şərtlər həyata keçirilməyənə qədər öz mövqeyini dəyişməyəcək.
İslam Respublikasının Məclis sədri bu anlaşma memorandumu əsasında əldə olunan atəşkəsi İran üçün bir fürsət adlandırıb və iddia edib ki, bu dövrdən ölkənin iqtisadi və hərbi gücünü artırmaq üçün istifadə olunub.
Qalibaf daha sonra İrana qarşı yeni bir hücumun başlanması halında hərbi cavab verəcəklərini vurğulayaraq deyib ki, belə bir hücum onu törədənlər üçün «əvvəlkindən də ağır bir məğlubiyyət» gətirəcək.