Təbrizdə uzunmüddətli işıq kəsintilərinə görə vətəndaşların etirazlarının və şikayətlərinin artması ardınca Təbriz Elektrik Enerjisi Paylama Şirkəti abunəçilərin bir hissəsi üçün ikinci növbə kəsintinin icrası ilə bağlı açıqlama verib.
Təbriz Elektrik Enerjisi Paylama Şirkətinin baş direktoru Əkbər Fərəcniya ikinci mərhələ kəsintilərin həyata keçirildiyini təsdiqləyərək bildirib ki, bu proqram əvvəllər Təbrizdə tətbiq olunmurdu, lakin şəbəkə yükünün artması və mövcud şərait səbəbindən Tehranın bildirişi və göstərişi ilə elektrik istehlakının idarə edilməsi proqramına əlavə edilib.
Fərəcniyanın açıqlamaları elə bir vaxtda səslənir ki, son həftələrdə Təbrizdə kəsintilərin müddəti və sayının artması vətəndaşların reaksiyasına və sosial şəbəkələrdə geniş etirazlara səbəb olub.
Bu açıqlamalar Azərbaycanda ictimai rəy qarşısında yenidən əsaslı bir sualı gündəmə gətirir: nə üçün xalqın gündəlik həyatının ən adi məsələləri, o cümlədən elektrikin nə vaxt və necə kəsilməsi barədə qərar Tehranda qəbul edilir, özündə bölgədə yox?
Təbriz Elektrik Enerjisi Paylama Şirkətinin baş direktorunun ikinci növbə kəsintilərin icrasının "Tehranın bildirişinə əsasən" həyata keçirildiyini etiraf etməsi İslam Respublikasının siyasi quruluşunda hakimiyyətin şiddətli mərkəzləşməsinin və farsdilli olmayan bölgələrin səlahiyyətdən məhrum edilməsinin daha bir əlaməti kimi qiymətləndirilir.
Azərbaycan ölkənin iqtisadiyyatında, sənayesində və enerji istehsalında əhəmiyyətli paya malik olmasına baxmayaraq, öz resursları, infrastrukturu və ehtiyacları barədə müstəqil qərar qəbul etmək hüququndan məhrum qalıb.
Bu vəziyyət Cənubi Azərbaycanın "daxili müstəmləkəçiliyinin" və sistemli istismarının bariz nümunəsidir ki, bölgənin resurslarını və potensialını mərkəzin ixtiyarına verir, lakin xalqdan öz taleyini müəyyənləşdirmək və yerli işləri idarə etmək hüququnu alır.