ArazNews
Ana Səhifə / Xəbər / Təbrizdə "Şahnamə" müəllimi hazırlanması: Azərbaycana qarşı ayrı-seçkilik və faşist düşüncənin təbliği
Xəbər

Təbrizdə "Şahnamə" müəllimi hazırlanması: Azərbaycana qarşı ayrı-seçkilik və faşist düşüncənin təbliği

Təbrizdə

Araz News - yayılan xəbərlərə görə, Təbrizdəki Şəhriyar Araşdırma İnstitutunda "Şahnamə" müəllimi hazırlamaq məqsədilə dördüncü "Şahnamə tədqiqi və Şahnamə oxusu" kursları başlayıb. Bu təlimlərdə Şərqi və Qərbi Azərbaycan, Zəncan və Ərdəbildən iştirakçılar var.

Bu görüşlərin keçirildiyi Şəhriyar Araşdırma İnstitutunun qurulma məqsədləri arasında Azərbaycanın dili, ədəbiyyatı, mədəniyyəti və tarixi haqqında elmi araşdırmalar aparmaq qeyd olunub.

Hər şeydən əvvəl, belə bir vəzifəsi olan bir qurumda bu cür bir kursun keçirilməsi əsaslı bir sual ortaya çıxarır: Azərbaycanın doğma türk dilini öyrətmək, onun seçkin şairlərini tanıtmaq və bu torpağın ədəbi irsini gənc nəslə ötürmək bu institutun proqramlarında hansı yeri tutur? Bu institut indiyədək Azərbaycanın əsl kimliyi olan türk dilinə və mədəniyyətinə bir önəm verib mi?!

Bu sual İranda mövcud olan dil və mədəniyyət ayrı-seçkiliyi kontekstində daha da önəm qazanır. Beynəlxalq qurumlar, o cümlədən Beynəlxalq Əfv Təşkilatı 2025-ci il hesabatında Azərbaycan türklərinə və digər milli qruplara qarşı ayrı-seçkilikdən, uşaqların ana dilində təhsildən məhrum edilməsindən və bu qrupların hüquq müdafiəçilərinə qarşı qərəzli davranışlardan xəbər verib.

Şübhəsiz belə bir zəmində və şəraitdə belə fəaliyyətlər başqa bir məna qazanır.

İranda dil müstəmləkəçiliyinin simvolu olan "Şahnamə"nin yayılması, dil məhrumiyyətləri kontekstində və Azərbaycanın türk kimliyinin və əsl tarixi irsinin inkarı ilə bir yerə gəldiyi zaman, şübhəsiz bu coğrafiyanın tarixini inkar etmək və təhrif etmək kimi görülməlidir.

İranşəhriçiliyin inhisarçı rəvayəti ki, yalnız bir dili və bir tarixi rəvayəti ölçü sayır, geriçi (irticaçı) və başqalarını düşmənləşdirən (özgəyə düşmən) bir yanaşmadır; çünki bu coğrafiyanın insanlarının öz tarixini tanımaq və rəvayət etmək hüququnu aradan qaldırmağa çalışır.

Azərbaycan türkcəsində şeir yazan şairlərin dəyərli əsərləri təhsil, araşdırma və nəşr imkanından məhrum olduğu bir halda, Şahnamə oxusu və Şahnamə tədqiqinin yayılması yalnız Azərbaycan xalqının ana dilini, yaşanmış təcrübəsini, duyğularını və tarixi hafizəsini inkar etmək və təhrif etmək istiqamətində dəyərləndirilə bilər.

Və əlbəttə bu fəaliyyətin, başqa xalqlara düşmənçilik və qadın düşmənliyi simvolu olan bir əsər ("Şahnamə") ilə ortaya qoyulması da bu coğrafiyanın ayrıca bir bədbəxtliyidir.