İllərdir alimlər yaşın artması ilə xatirələrin təfərrüatlarının unudulduğunu düşünürdülər. Bu nəticə əsasən rəsmi və quru laboratoriya müsahibələrindən əldə edilmişdi. Lakin tədqiqatçılar minlərlə insanı telefonları vasitəsilə gündəlik həyatında izləyəndə tam əks nəticəyə gəliblər: yaşlı insanlar öz xatirələrini gənclər qədər, bəzən hətta daha çox təfərrüatla xatırlaya bilirlər.
Bir tədqiqatda araşdırmaçılar insanların bir neçə gün ərzində təbii söhbətlərinin bəzi hissələrini qeydə alıblar. Başqa bir tədqiqatda 18 ilə 89 yaş arasında olan təxminən dörd min nəfər vaxtaşırı telefonlarına o an ağıllarına gələn istənilən xatirəni və ya fikri danışmalarını istəyən mesaj alıblar. Hər iki halda yaşlı insanlar təkcə gənclərdən geri qalmayıblar, hətta bəzən xatirələrini daha çox təfərrüat və aydınlıqla danışıblar.
Tədqiqatçıların sözlərinə görə, bəlkə də köhnə laboratoriya nəticələri qocalıqdan çox laboratoriya mühitinin özü ilə bağlı olub. Gənc və tanımadığı bir müsahibəçi soyuq və rəsmi bir otaqda yaşlı insanlardan sual verdikdə, onlar təzyiq hiss edə və hər şeyi əlavə təfərrüatlarla izah etmək istəyə bilərlər, ya da sadəcə desək, dostyana və tanış bir söhbət qədər özlərini rahat hiss etməyə bilərlər.
Bu tapıntı yaddaşın yaşın artması ilə heç dəyişmədiyi mənasına gəlmir. Məsələ ondadır ki, yaşlıların "yaddaş zəifləməsi" barədə onilliklər boyu aparılan nəticələr, bəlkə də onların yaddaşının real zəifləməsindən çox, sınaq mühitində özlərini narahat hiss etmələri ilə bağlı olub. Alimlər indi deyirlər ki, yaşlı insanların beyin qabiliyyətləri barədə hər hansı mühakimə yürütməzdən əvvəl, yaddaş və qocalığı öyrənmə metodunu yenidən nəzərdən keçirmək lazımdır.