Azərbaycanın fikir və analitik nəşrlərindən olan "Tribun" jurnalının 21-ci sayının PDF versiyası nəşr edilib və oxucuların ixtiyarına verilib. 1997-ci ildən fəaliyyətə başlayan bu nəşr, təxminən üç onilliyə yaxın müddətdə demokratiya, millətlərin hüquqları, milli zülm, federalizm, siyasi inkişaf və İranın gələcəyi barədə fikirlərin irəli sürülməsi və siyasi dialoqlar üçün bir platformaya çevrilib.
"Tribun"un yeni sayı İranın və regionun geniş miqyaslı siyasi və təhlükəsizlik proseslərilə üzləşdiyi bir şəraitdə nəşr olunur. Bu sayda cari proseslərin araşdırılması ilə yanaşı, federalizm və çoxmillətli, plüralist cəmiyyətlərdə hakimiyyətin bölüşdürülməsi modelləri mövzusu da İranın siyasi quruluşunun gələcəyi ilə bağlı mühüm mövzulardan biri kimi diqqətə çatdırılıb.
"Tribun"un baş redaktoru Əlirza Ərdəbili Azərbaycanın tanınmış siyasi və fikir fəallarından olub, Azərbaycan Demokratiya və İnkişaf Partiyasının Mərkəzi Şurasının üzvüdür. "Tribun" fəaliyyəti dövründə siyasi və vətəndaş fəalları arasında müxtəlif baxışların irəli sürülməsi, nəzəri müzakirələr və demokratik dialoqlar üçün bir mühit yaratmağa çalışıb.