İran rejiminin Xarici İşlər Nazirliyində məlumatlı bir mənbə "Fars" xəbər agentliyinə bildirib ki, Tehran və Muskat Hörmüz boğazında gəmilərin hərəkəti strukturunun dəyişdirilməsi barədə danışıqlar aparır.
İrəli sürülən iddiaya görə, müəyyən keçid dövründə gəmilər İran sahillərinə yaxın şimal dəhlizindən Hörmüz boğazına daxil olacaq və Oman sahillərinə yaxın cənub dəhlizindən çıxacaqlar. Bu dövr başa çatdıqdan sonra həm şimal, həm də cənub dəhlizlərindən keçid dayandırılacaq və bütün hərəkət orta dəhlizə keçiriləcək.
Bu plana əsasən, gəmilərin orta dəhlizə girişi İranın idarəçiliyi altında olacaq, çıxışı isə İran və Omanın birgə idarəçiliyi ilə həyata keçiriləcək.
Bu mənbə həmçinin gəmilərin yükünün dəyərinə 3 və ya 7 faizlik tarif tətbiq ediləcəyi barədə məlumatları təkzib edib və bildirib ki, alınacaq məbləğlər sığorta, yanacaqdoldurma, ətraf mühit xidmətləri və digər imkanlar kimi xidmətlərin dəyəri kimi hesablanacaq.