ArazNews
Ana Səhifə / İran / Vens: İslam Respublikasındakı daxili ixtilaflar danışıqları çətinləşdirib
İran

Vens: İslam Respublikasındakı daxili ixtilaflar danışıqları çətinləşdirib

Vens: İslam Respublikasındakı daxili ixtilaflar danışıqları çətinləşdirib

ABŞ vitse-prezidenti Ci-Di Vens İslam Respublikasında mövcud olan «çoxparçalı struktur» adlandırdığı vəziyyətə işarə edərək bildirib ki, İranda hakim qruplaşmalar arasındakı ziddiyyətli mövqelər Tehranla danışıqlar prosesini mürəkkəb və uzunmüddətli edib.

Vens Fox News telekanalına açıqlamasında deyib ki, İslam Respublikasındakı bəzi cərəyanlar gərginliyin və toqquşmaların sona çatmasını istəyir, digər qrup isə qarşıdurmanın davam etdirilməsini dəstəkləyir.

O bildirib: «İranlılar olduqca çətin xalqdır, ikincisi isə, onların öz rejimləri daxilində çoxparçalı bir struktur mövcuddur. Bəziləri müharibənin bitməsini istəyir, digər radikal qruplar isə müharibənin davam etməsini istəyir».

Donald Trampın müavini əlavə edib ki, ABŞ hökuməti İslam Respublikası ilə münasibətlərdə bu daxili ixtilafları nəzərə almalı və öz məqsədlərinə çatmaq üçün hərbi, iqtisadi və diplomatik vasitələr toplusundan istifadə etməlidir.

Vens vurğulayıb: «Bizim vəzifəmiz bu vəziyyətdən keçib ABŞ xalqı üçün ən yaxşı nəticəni əldə etməkdir».

O, həmçinin Tehranla mümkün danışıqlar prosesinin mürəkkəbliyinə işarə edərək bildirib ki, arzu olunan nəticəyə çatmaq uzun vaxt aparacaq.