Çinin Xarici İşlər Nazirliyi Reuters agentliyinin İslam Respublikasına yüzlərlə çiyin-atma hava müdafiə sistemi satılması və təhvil verilməsi barədə məlumatını «tamamilə əsassız» adlandıraraq rədd edib. Nazirliyin sözçüsü Mao Ninq bildirib ki, Pekin həmişə sülhün bərpası və münaqişələrə son qoyulması üçün çalışıb.
Reuters daha əvvəl üç məlumatlı mənbəyə istinadən xəbər vermişdi ki, Tehran Çinin «QW-12» və «FN-16» raketləri də daxil olmaqla 300-400 portativ sistemin alınması üçün 60-70 milyon dollarlıq müqavilə bağlayıb və ilk partiya yaxın həftələr ərzində təhvil verilə bilər.
Məlumata görə, Hong Kongda yerləşən bir şirkət sövdələşmədə vasitəçi kimi göstərilib, avadanlıqların Pakistandan keçirilərək ötürülməsi nəzərdə tutulubmuş. Pakistan ordusu da Çinin müdafiə sistemlərinin İrana ötürülməsində hər hansı iştirakını təkzib edib.