İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai ABŞ Mərkəzi Hərbi Komandanlığının (SENTKOM) Bəhreyndə keçirdiyi son regional təhlükəsizlik görüşünə münasibətini bildirərək bu toplantını ABŞ-ın regiondakı siyasətlərini ört-basdır etmək cəhdi kimi xarakterizə edib və region ölkələrini sayıqlığa çağırıb.
Bəqainin X sosial şəbəkəsindəki paylaşımında qeyd olunur ki, ABŞ «Qərbi Asiyada real sülh və təhlükəsizliyə qarşı həmişə tam laqeydliyini nümayiş etdirib» və bu cür görüşlər ABŞ-ın regionda sabitliyi pozan siyasətlərini və beynəlxalq hüquq normalarından kənar addımlarını gizlətmək üçün atılan «siyasi nümayiş»dən başqa bir şey deyil.
İran XİN sözçüsü əlavə edib ki, region ölkələri «ABŞ-ın və İsrailin son hərbi təcavüzlərindən» və regionun sülhü ilə təhlükəsizliyinə qarşı yönəlmiş dağıdıcı addımlardan ibrət almalı, hadisələri daha böyük diqqət və sayıqlıqla izləməlidir.
Bu reaksiya SENTKOM-un Bəhreyndə on iki ölkənin hərbi komandanlarının iştirakı ilə regional təhlükəsizlik görüşü keçirildiyini açıqlamasından sonra ortaya çıxıb. SENTKOM-un məlumatına görə, Suriyə və Livan hərbi komandanları ilk dəfə olaraq ABŞ rəhbərliyi altında keçirilən müdafiə görüşündə iştirak edib.