ArazNews
Ana Səhifə / Məqalə / Güclü Azərbaycan ordusu və Arazın cənubunda sağ qalan ümid
Məqalə

Güclü Azərbaycan ordusu və Arazın cənubunda sağ qalan ümid

Güclü Azərbaycan ordusu və Arazın cənubunda sağ qalan ümid

26 iyun — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin günü — Arazın hər iki sahilində qürur və iftixar hissi ilə qeyd edilir. Cənubi Azərbaycan türkləri üçün bu gün eyni zamanda tarixi bir həqiqəti xatırladır: güclü dövlətə və müdafiə qüvvəsinə sahib olan millətlər regional dəyişikliklər qarşısında əlbağlı qalmır, öz mənafeyini və kimliyini qoruya bilir.

Azərbaycan türk milləti son bir əsrdə iki fərqli yol keçmişdir. Arazın şimalında Azərbaycan Respublikası işğala, müharibəyə və çoxsaylı çətinliklərə baxmayaraq müstəqil dövlət, müasir və güclü ordu qurmağı bacardı. Arazın cənubunda isə Azərbaycan türkləri İranın siyasi quruluşu çərçivəsində milli kimliyin inkarı, dil məhdudiyyətləri və mərkəzçi siyasətlərlə üzləşmiş, öz siyasi və hərbi qurumlarına sahib olmaqdan məhrum edilmişdir.

Azərbaycan Respublikasının 44 günlük Qarabağ müharibəsindəki qələbəsi Azərbaycan coğrafiyasının hər yerindəki türklərin milli özgüvənini kökündən dəyişdirdi. O günlər Urumiyyədən Ərdəbilə, Zəncana və Həmədana qədər milyonlarla türk həyəcan və qürurla cəbhə xəbərlərini izlədi. Onilliklər sonra ilk dəfə olaraq öz torpaqlarını geri alan, regionun hərbi tarazlığını dəyişdirən və siyasi iradəsini döyüş meydanında ortaya qoyan bir türk dövlətinin obrazı canlandı.

Azərbaycan Respublikasının gücü Cənubi Azərbaycan üçün yalnız emosional və etnik bir bağ deyil. Bu güc regional tarazlıqda mühüm bir amilə çevrilmişdir. Bakı nə qədər güclü olsa, Cənubi Azərbaycan məsələsini görmәzdən gəlmək bir o qədər çətinləşir və İrandakı türklərə qarşı hər cür ifrat və repressiv siyasətin dəyəri artır.

Bu gün Yaxın Şərq ən gərgin dövrlərindən birini yaşayır. İran, ABŞ və İsrail arasındakı qarşıdurma göstərdi ki, hər hansı regional böhran milyonlarla insanın həyatına təsir edə bilər. Cənubi Azərbaycan da coğrafi mövqeyinə görə bu dəyişikliklərin mərkəzindədir.

Belə bir şəraitdə Azərbaycan Respublikasının və Türkiyənin gücü Arazın cənubundakı türklər üçün strateji əhəmiyyət daşıyır. Cənubi Azərbaycanın şimalında və qərbindəki iki güclü türk dövlətinin varlığı bu bölgənin geosiyasi rəqabətlərin qurbanına çevrilmə ehtimalını azaldır. Bu güc həmçinin beynəlxalq ictimaiyyətin və beynəlxalq oyunçuların diqqətini İrandakı türklərin vəziyyətinə cəlb edə bilər və bu millətin taleyinin regional böhranların gurultusunda kənara sıxışdırılmasının qarşısını alır.

Beynəlxalq siyasətdə qonşuların gücü dövlətsiz millətlərin taleyinə də təsir edir. Cənubi Azərbaycan türkləri üçün Azərbaycan Respublikasının ordusu yalnız qardaş bir ölkənin silahlı qüvvəsi deyil; bir millətin öz ayaqları üzərində durmaq, hüquqlarını müdafiə etmək və tarihin istiqamətini dəyişmək qabiliyyətinin simvoludur.

Şuşa və Xankəndi üzərində qələbədən sonra dalğalanan hər bayraq Arazın cənubuna da aydın mesaj verdi: öz gücünə arxalanan və milli qüvvənin dəstəyinə sahib olan millətlər gələcəklərini öz əlləriylə yarada bilər.

Buna görə də 26 iyun Cənubi Azərbaycandakı milyonlarla türk üçün milli gücün əhəmiyyətini və bu həqiqəti xatırladır: güclü bir Azərbaycan Respublikasının və möhkəm bir Türkiyənin varlığı Azərbaycan türk millətinin taleyinə dair tarazlıqları daha əvvəlki heç bir dövrdən çox dəyişdirmişdir.