Donald Tramp İranla danışıqlar prosesini tənqid edərək bildirib ki, Tehran razılaşma əldə etmək imkanını itirib və daha geniş hücumlarla üzləşə bilər.
Araz News-un Reuters-ə istinadən verdiyi məlumata görə, Tramp çərşənbə günü açıqlamasında İran İslam Respublikasının danışıqlara həddindən artıq vaxt sərf etdiyini və artıq “bunun bədəlini ödəməli olduğunu” deyib.
Tramp sosial şəbəkədə yazıb: “İran yalnız danışır, amma hərəkət etmir. Onlar özləri üçün faydalı ola biləcək bir razılaşma üçün həddindən artıq vaxt itirdilər.”
ABŞ prezidenti Fox News-a müsahibəsində də xəbərdarlıq edib ki, əgər razılaşma imzalanmasa, İranın infrastruktur obyektlərinə, o cümlədən elektrik stansiyaları və körpülərə qarşı yeni hücumlar barədə göstəriş verə bilər.
Bu açıqlamalar Reuters-in məlumatına görə, Tehran və Vaşinqton arasında mümkün razılaşmanın yekunlaşdırılması məqsədilə Qətər vasitəçilərinin İrana yollandığı bir vaxtda səsləndirilib.