İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin şimalındakı yerli rəsmilərlə görüşü zamanı bildirib ki, Tel-Əviv hərbi əməliyyatları davam etdirməklə yanaşı, müharibədən zərər çəkmiş bölgələrin bərpasını da həyata keçirəcək.
Netanyahu İsrailin şimalındakı Şlomi şəhərinə səfəri zamanı hökumətin bölgə sakinlərinin təhlükəsizliyini təmin etmək və zərər görmüş əraziləri yenidən qurmaq öhdəliyinə sadiq olduğunu deyib.
O, son aylarda yaşanan qarşıdurmalara toxunaraq bildirib ki, İsrail “təhlükəsizlik təhdidləri” adlandırdığı hallara qarşı fəaliyyətini davam etdirəcək və ölkənin şimalında iqtisadiyyatın və infrastrukturun bərpasına sərmayə yatıracaq.
İsrail mediasının məlumatına görə, görüş zamanı müharibədən zərər çəkmiş şimal bölgələrinin yenidən qurulması üçün 12 milyard şekellik proqram da dəstəklənib. Netanyahu bölgəyə səfər etdikdən bir neçə saat sonra isə Şlomi şəhərində pilotsuz uçuş aparatları ilə bağlı hava həyəcanı siqnalı verilib.