Donald Tramp bildirib ki, əgər Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və digər Körfəz ölkələri “Abraham sazişi”nə qoşulmasa, Vaşinqtonun İran rejimi ilə razılaşma əldə edib-etməyəcəyi bəlli deyil. O deyib ki, ABŞ bu ölkələrin İsraillə münasibətlərin normallaşdırılması prosesinə qoşulması üçün təzyiq göstərir.
ArazNews-un məlumatına görə, Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Tehranla mümkün razılaşma baş tuta bilər, amma ərəb ölkələri Abraham sazişinə qoşulmasa, bu razılaşma “möhtəşəm” olmaya bilər. O vurğulayıb: “Əgər razılaşma möhtəşəm olmasa, onu etməyəcəyəm.”
ABŞ prezidenti həmçinin Birləşmiş Ərəb Əmirliklərini “cəsur ölkə” adlandırıb və Abraham sazişlərinin indiyə qədər “çox uğurlu” olduğunu deyib. Tramp əlavə edib ki, Vaşinqton bu razılaşmaların bölgədə genişlənməsi üçün ciddi şəkildə çalışır.