ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlar nəticə verməzsə, Vaşinqton İrana qarşı daha bir “böyük hərbi zərbə” endirmək məcburiyyətində qala bilər.
Tramp İranla danışıqların nəticəsini gözlədiklərini deyərək, bu prosesə “iki və ya üç günlük məhdud vaxt” verəcəklərini bildirib, lakin İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəklərini vurğulayıb.
O həmçinin qeyd edib ki, çərşənbə axşamına planlaşdırılan hücum Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xahişindən sonra təxirə salınıb.
ABŞ prezidenti daha sonra demokratların onun müharibə səlahiyyətlərini məhdudlaşdırmaq cəhdlərini tənqid edib. Trampın opponetləri hesab edirlər ki, İranla qarşıdurmanın dərinləşməsi ABŞ üçün iqtisadi nəticələr yaradıb və Tehranın, o cümlədən dəniz keçidlərində yaratdığı maneələr bazarlara təsir göstərib.
Tramp Ağ Evdəki çıxışında bildirib ki, ictimai dəstəyin səviyyəsindən asılı olmayaraq, dünyanın İran rejiminin addımları səbəbilə daha böyük böhranla üzləşməsinə imkan verməyəcək.