“İslami Cihad” qrupunun komandirlərindən Vail Əbdülhəlim İsrailin Livanın şərqində, Bəlbək şəhəri yaxınlığında yaşayış binasına endirdiyi raket hücumunda öldürülüb. Onun 17 yaşlı qızı da bu hücumda həyatını itirib.
ArazNews-un Livan dövlət agentliyinə istinadən verdiyi məlumata görə, xilasetmə və yardım qrupları hadisə yerində dağıntıları qaldırmaq və mümkün sağ qalanları tapmaq üçün işlərini davam etdirir.
Livan rəsmiləri bildirib ki, bazar günü İsrailin hücumları nəticəsində ümumilikdə azı 7 nəfər ölüb, onlarla insan yaralanıb.
Bu hücumlar İsrail ilə Livan arasında atəşkəs qüvvədə olduğu halda baş verib. Hadisə, tərəflərin nümayəndələrinin yaxınlarda Vaşinqtonda atəşkəsin uzadılması barədə danışdığı bir vaxtda yaşanıb. Hizbullah isə daha əvvəl bu danışıqları pisləyərək onları tanımadığını açıqlamışdı.