2025-ci ildə İranda edamların sayı 1989-dan bəri ən yüksək səviyyəyə çatdı
ArazNews-un AFP-yə istinadən verdiyi məlumata görə, iki hüquq müdafiə təşkilatı 2025-ci ildə İranda ən azı 1639 nəfərin edam edildiyini açıqlayıb; bu göstərici 1989-cu ildən bəri ən yüksək rəqəm hesab olunur.
“İran İnsan Haqları Təşkilatı” və “Edam Cəzasına Qarşı Mübarizə Təşkilatı”nın birgə hesabatına əsasən, bu rəqəm 2024-cü ildə qeydə alınan 975 edamla müqayisədə təxminən 68 faiz artım deməkdir. Edam olunanlar arasında 48 qadın da var.
Təşkilatlar vurğulayıb ki, bu statistika minimum göstəricidir, çünki bir çox edam halları İranın rəsmi mediasında açıqlanmır. 2025-ci ildə gündə orta hesabla 4-dən çox edam qeydə alınıb.
Hesabatda həmçinin qeyd olunub ki, yanvar etirazları və son müharibədən sonra yüzlərlə saxlanılan şəxs hələ də edam hökmü riski altındadır və edam cəzasından daha geniş şəkildə repressiya vasitəsi kimi istifadə olunması ehtimalı artır.